Oruc Qurbanovun "Ədəbi portretlər silsiləsindən"

Oruc Qurbanovun "Ədəbi portretlər silsiləsindən"



      SƏHNƏMİZİN JANNA DARKI

   Qədim şərq rəvayətində deyilir ki, günlərin bir günü dəniz kənarına gələn insan sahildə bir-birindən gözəl, incə daşlar görüb, deyir, - Mən də belə daşlar düzəldəcəyəm... Evə qayıdıb daş parçalarını nə qədər döyüb yonursa, dəniz kənarında gördüyü daşlardan düzəldə bilmir. Səbri tükənən insan yenidən dəniz kənarına qayıdıb dənizdən soruşur, - Necə olur ki, mən insan əlimdə bu cür alətlər ola-ola incə, zərif daşları düzəldə bilmirəm, amma sən heç nəsiz əsl sənət əsəri yaradırsan?.. Dəniz insana cavab verir, - Çünki sən daşları döyürsən, mən isə sığallayıram.

Böyük sənətkarın əllərindən çıxan sənət inciləri də belə olur. Onlar öz nəfəsləri, ürəklərinin hərarəti ilə sığallaya-sığallaya əbədi sənət inciləri yaradırlar.

Belə sənətkarlarımızdan biri də SSRİ xalq artisti Hökümə Qurbanova olub.

HƏQİQƏTİN SƏHİFƏSİ”

Böyük rejissor, pedaqoq və alim Mehdi Məmmədov haqlı idi: “ Hökümə Qurbanova haqqında həqiqət təkcə bu aktrisaya, yaxud aktrisaya aid həqiqət deyil. O, milli teatrımıza aid həqiqətin bir səhifəsidir”.

Bəli, həqiqətin bu səhifəsini olduğu kimi yaddaşlarda yaşatmaq hər birimizin borcudur.

Hökümə xanım heç vaxt yaşı barədə söz deməzdi. O, yaddaşlarda elə “həqiqətin bir gözəl səhifəsi” kimi qalmaq istəyirdi, yaratdığı obrazlar – Fərhadın Şirini, Misirin Kleopatrası, Şeyx Sənanın Xumarı, məzlumların Janna Darkı, Qaçaq Nəbinin Həcəri kimi, Od gəlini, Solmaz, Sevil, Almaz kimi.

Hökümə Qurbanovanın anası çeçen qızı olub. Malikat Maqomayeva. Dahi bəstəkar Müslüm Maqomayevin doğma bacısı. Atası Abbasəli Qurbanov isə xalis bakılı olub. Şimali Qafqazda səfərdə olarkən ziyafət məclisində Malikat xanımı görüb, sevib.

Hökümə xanımın teatra, sənətə bağlanmaqda M. Maqomayevin müstəsna rolu olub.

O, xatirələrində yazır:

“Dayım Müslüm Maqomayevin otağı qonaqsız, səs-küysüz olmurdu. O, təbiət etibarı ilə qonaqpərvər, məclissevən, demək-eşitmək xoşlayan, xoşünsiyyət bir adam idi. Onu daha çox teatr həvəskarları, incəsənət maraqlıları, o vaxtın çox məhşur sənət xadimləri əhatə edərdi. Mən teatra çox sonralar gəlmişəm. Amma teatrın ilk təsirini elə o anlarda aldım”.

Ata-anası Hökümə xanımı heç vaxt teatra aparmazdı. Elə onu ilk dəfə teatra aparan da dayısı olur. İlk gördüyü tamaşa Ü.Hacıbəyovun “Leyli və Məcnun” operası olur. İlk gördüyü dram tamaşası isə nişanlısı, sonralar milli səhnəmizin böyük aktyoru, SSRİ xalq artisti Ələskər Ələkbərovun oynadığı tamaşa olur. O vaxt Ələkbərov iyirmi yaşlarında olmasına baxmayaraq, artıq indiki kukla teatrının binasında yerləşən Bakı Türk İşçi Teatrının aparıcı aktyorlarından idi. Özü dediyi kimi, - Ələsgəri səhnədə gördüm, daha da sevdim, bu sevgi məni həmişəlik teatra bağladı. Hökümə xanımı teatra bağlayan digər dahi səbəbkar isə Cəfər Cabbarlı olur. Böyük dramaturqun ssenarisi və rejissorluğu ilə “Almaz” filmi üçün aktyor və aktrisalar axtarılır. Təsadüfən Cəfər Cabbarlı fotoqrof vitrinində Hökümə xanımın şəklini görür, onu Yaxşı roluna çəkmək üçün sınaq çəkilişinə dəvət edir və çəkir.

SSRİ xalq artisti Hökümə Qurbanovanın teatrda ilk  çıxışı isə 1939-cu ildə Azərbaycan Dövlət Dram Teatrının səhnəsində Səməd Vurğunun “Vaqif” dramında gürcü qızı Tamara obrazı olur və gəlişi ilə milli teatra yeni ruh – dərin dramatizm, faciəviliklə dolu nəfəs gətirir. Bu nəfəs teatr tariximizə - “Həqiqətin səhifəsi”nə Hüseyn Cavidin “Şeyx Sənan”ında Xumar, Səməd Vurğunun “Fərhad və Şirin”ində Şirin, Anton Çexovun “Vanya dayı”sında xanım Serebryakova, Viktor Hüqonun “Mariya Tyudor”unda kraliça Mariya, Şekspirin “On ikinci gecə”sində Oliviya, “Qış nağılı”nda Hermiona, “Antoni və Kleopatra”da Kleopatra, Fridrix Şillerin “Orlean qızı”nda Janna D” Ark, Çingiz Aytmatovun “Ana torpaq”ında Tolqonay və neçə-neçə yaddaşlarda nəsildən-nəsilə yaşadılan unudulmaz səhnə inciləri bəxş edib.

   ŞEKSPİR TEATRINA MƏNSUB OLAN AKTRİSA

Aktyor və aktrisanın böyüklüyü, təkrarolunmazlığı ona müraciət edən rejissorlardan bəlli olur. Bu baxımdan, Hökümə xanım xoşbəxt aktrisa idi. Onunla işləmək bütün rejissorların arzusu olub. SSRİ xalq artistləri Adil İskəndərov, Mehdi Məmmədov üçün də, xalq artistləri Tofiq Kazımov, Məhərrəm Haşımov, bir çox rejissorlar üçün də. Çünki Hökümə xanımın iştirakı artıq tamaşanın uğuru demək idi.

Teatr aləmində belə bir söz var – oynadığın rolları sadala, sənin necə sənətkar olduğunu deyim. Hökümə Qurbanovanın Şekspir dramaturgiyasında oynadığı rolları sadalamaq kifayətdir ki, bu günün və sabahın teatrsevərləri onun hansı diapazonlu aktrisa olduğunu yaddaşlarda canlandıra bilsinlər. Şekspir dramaturgiyası hər bir teatr üçün sınaq məktəbi, özünütəsdiq meydanı olub. Dünyanın ən böyük aktyorları məhz Şekspir rolları ilə özlərini əbədiləşdiriblər. Böyük fransız tragik aktrisası Sara Bernar hətta 1899-cu ildə Hamlet rolunda da çıxış edib. Yeri gəlmişkən, Hökümə xanımın da arzusu Hamlet olub. “Hamlet” teatr sənətinin zirvəsi sayılır və buna görə də istər aktyorlar, istərsə də nadir istedada malik olan aktrisalar bu zirvəni fəth etməyə çalışıblar. Hökümə xanımın da Şekspir dramaturgiyasında yaratdığı Oliviya, Hermiona, Kleopatra və Ledi Maqbeti bir aktrisanın bioqrafiyası çərçivəsindən çıxıb, milli teatrımızın tarixinə çevrilib.

Azərbaycan tamaşaçılarını Şekspir ifası ilə razı salmaq o qədər də asan deyil. Çünki bu ənənənin dərin kökləri vardır. 20-30-cu illərdə səhnəyə qoyulan “Hamlet”, “Otello”, “Maqbet”, “Kral Lir”, “Romeo və  Cülyetta”, “Şıltaq qızın yumşalması” tamaşaları Hökümə Qurbanova sənətini məftunluqla sevməyə başlayan tamaşaçıların xatirində hələ də yaşayırdı.

Hökümə xanımın oynadığı “On ikinci gecə” tamaşası barədə SSRİ-nin baş qəzetlərindən olan “İzvestiya” 19 may 1946-cı il nömrəsində yazırdı: “Azərbaycan səhnəsində “On ikinci gecə” dahi dramaturqun əsərinin ən yaxşı interpretatoru olan Sovet teatrının  yeni müvəffəqiyyətidir”.

”Kommunist” qəzeti isə yazırdı: “İfaçılar arasında hamıdan əvvəl Oliviya rolunun ifaçısı Hökümə Qurbanovanı qiymətləndirmək lazımdır. Öz kədərində belə gözəl görünən Oliviya – Qurbanova özünün odlu məhəbbətində daha gözəl və cazibədardır”.

   Aktrisa bu rolla Şekspir sınağından müvəffəqiyyətlə çıxaraq özünü monumental klassik rolların məharətli ifaçısı kimi təsdiq etdi.

    1955-ci il oktyabrın 20-də Şekspirin “Qış nağılı” əsərində Hökümə xanım növbəti uğurunu qazandı.

  Bu əsər dramaturqun dünya teatrları tərəfindən az-az tamaşaya qoyulan və nadir hallarda uğur qazanan əsərlərindəndir. Mürəkkəblik ondadır ki, bu əsərdə iki dünya paralel yaşayır – reallıq və fantastik nağıl. Bu əsərdə eyni vaxtda iki qəlb döyünür – pafos patetika, poeziya və lirika. Və nəhayət, bu əsərdə iki sima üzbəüz durub – qısqanclıq və məkr, romantika və ülvilik.

    Bu mürəkkəb əsərin sınağından da Hökümə xanım uğurla çıxır.

   Tiflisdə qastrolda olarkən “Zarya Vostoka” qəzeti yazırdı: “Hermiona rolunun ifaçısı H. Qurbanovanı cəsarətlə bakılı qonaqların göstərdikləri tamaşanın canı, qəlbi adlandırmaq olar. Təhqir edilmiş bu ana və zövcə obrazı misilsiz bir nəcibliklə əlamətdardır. Görkəmli aktrisanın son dərəcə zərif plastikasına qəlbən valeh olursan”.

    Bu sətirlər bir daha göstərir ki, artıq Hökümə xanım qırx yaşlarında dünya teatrı miqyasında hörmətlə qəbul edilən böyük aktrisa idi.

     1975-ci ildə mən “Qış nağılı”nı Lənkəran Dram Teatrında tamaşaya qoyanda xalq artisti Böyükxanım Əliyeva Hermiona rolunu oynamaq arzusunu bildirdi. Mən soruşdum ki, niyə məhz bu rolu oynamaq istəyir? Gözləyirdim ki, aktrisa traktovkadan, əsərdən danışacaq. O isə şirin xəyallara  dalıb dedi, - Mən uşaq vaxtı Hökümə xanımın ifasında bu tamaşaya baxmışam. O, son səhnədə 40 dəqiqə  heykəl kimi dayanıb tərpənmədi. Bütün tamaşaçılar elə bildilər ki, bu, həqiqətən də Hermionanın heykəlidir. Finalda heykəl canlananda tamaşaçıları şok vurdu. Hamı elə sevinirdi ki...

                   Belə bir heykəli görməmiş cahan,

                   Həyat ətri gəlir dodaqlarından.

                   Pərişan gözləri süzür dörd yanı,

                   Canlıdır o! Süzür yeri, asimanı.

                   De, mehriban mələk, de, omusan sən?

                   Tilsimli, sehirli cadumusan sən?

     Bəli, Hökümə xanımın nəinki oyunu, hətta heykəl kimi tərpənməz duruşu belə gənc aktrisaları məftun edib, yeni sənət arzularına həvəsləndirirdi.

    Hökümə xanımın şah rollarından biri Şekspirin  “Antoni və Kleopatra” əsərində Kleopatra, digəri də  Viktor Hüqonun “Mariya Tyudor” dramındakı Mariyadır.

     Onun Kleopatrası vətəni Misirin müstəqilliyini, dövlətçiliyini qoruyub saxlamaq üçün yeganə silahı olan əqli və gözəlliyini bu döyüş meydanında qurban verir. Nəticədə qəsbkar Roma imperiyasının sərkərdəsi Antoninin ürəyini və ağlını, sərkərdəlik qabiliyyətini də öz gözəlliyinə əsir edir. “Siyasət və məhəbbət” toqquşmasından yaranan bu böyük faciə aktrisanın ifasında əlçatmaz zirvəyə qaldırılır.

    Hökümə xanım Kleopatra rolu ilə bağlı mənə maraqlı və kədərli bir xatirə danışmışdı. Bir qrup SSRİ xalq artistləri, görkəmli rejissor və teatrşünaslar Mədəniyyət Nazirliyi tərəfindın İngiltərəyə yaradıcılıq ezamiyyətinə göndərilirlər. Nəhayət ki, aktrisa arzusunda olduğu “Şekspir evi” adlanan Londonun “Old Vik” teatrına gəlir. Onlara zəmanəsinin böyük rejissoru Piter Xolla görüşmək nəsib olur. Görüş maraqlı söhbətlər, sual-cavablar şəraitində keçir. Birdən ingilis rejissoru soruşur ki, sizlərdən kim Şekspir qəhrəmanını oynayıb? Hamı susur... Hökümə xanım da susur... Yanında duran yaşlı, o dövrün çox nüfuzlu rus teatrşünası ona pıçıldayır ki, “mən” desin. Hökümə xanım cəsarət etmir. Onda teatrşünas Hökümə xanımı Piter Xolla göstərib deyir, - Bu  xanım Kleopatranı oynayıb. Rejissor maraqla Hökümə xanıma baxıb tərcüməçidən xahiş edir ki, o, yaylığını açsın. Hökümə xanım yolda soyuqladığından başına bağladığı yaylığını açır. Rejissor diqqətlə aktrisaya baxıb deyir ki, saçlarını da açıb töksün. Hökümə xanım Kleopatra üçün uzatdığı saçları açıb tökür. Rejissor heyrətlə soruşur – Hansı səhnəni göstərə bilərsiz? Aktrisa fikirləşmədən Kleopatranın ən mürəkkəb səhnəsi olan yataq otağındakı tək çılğın, qısqanclıq səhnəsini deyir. Rejissorun əmri ilə tez bir zamanda həmin teatrın repertuarında olan tamaşanın dekorlarını qururlar.

     Aktrisa hamını valeh edir. Piter Xoll tərcüməçiyə deyir ki, aktrisaya deyin, mən Kleopatraya görə onunla ikiillik kontrakt bağlamaq istəyirəm. Hökümə xanım susur... Arzusunu büruzə verə bilmir... Onun müstəqil qərar verməyə ixtiyarı yox idi. Çünki o vaxt xaricə, xüsusən də kapitalist ölkəsinə gedəndə hər qrupun içində xüsusi şöbənin bir “dyadya Fedya”sı olurdu və o, icazəsiz qərar üstündə, qayıdandan sonra lazım olan yerə elə xarakteristika verərdi ki, sənətkarın üzünə xaricin qapıları ömürlük bağlanardı. Piter Xoll vəziyyəti anlayıb deyir, - Mən Moskvaya müraciət edəcəyəm. “Old Vik”in dördmərtəbəli binası hündürlüyündə sizin Kleopatra obrazında reklamınızı asdıracağam.

     Hökümə xanım vətənə dönür, həsrətlə dəvəti gözləyir, gözləyir və ümidini üzür. Sonra, çox-çox sonra mötəbər vəzifə sahibi ona deyir ki, siz Londondan qayıdandan iki ay sonra dəvət gəldi... Gizlətdik... Elə bildik ki, gedərsiz, bir daha vətənə qayıtmazsınız...

  HƏYATA KEÇMƏYƏN NAKAM ARZULAR...

     “Mariya Tyudor”da isə hamının qeyd etdiyi kimi, Hökümə xanım zalım ingilis kraliçası “Qanlı Mariya” obrazını – şahanə səhnə davranışı, gözəl zahiri görünüşü, həyəcan dolu cingiltili səsi, odlu, alovlu daxili və bitkin aktrisalıq məharəti ilə əsl faciəvi səhnə incisini yaradıb.

     Əməkdar artist Əli Nur ilə Hökümə xanımı xatırlayarkən bu tamaşa ilə bağlı maraqlı bir hadisəni yada saldıq.

1979-81 ci illərdə Moskvada Azərbaycan Mədəniyyət Nazirliyinin göndərişi ilə böyük reformator  rejissor A.V.Efrosun rəhbərliyi altında ikiillik rejissor təcrübəsində olanda Lütfü Məmmədbəyovdan təcili Bakıya gəlmək xəbərini aldım. O kədərlə bildirdi ki, görkəmli reyissorumuz, hamımızın sevimlisi Tofik Kazımov dünyasını dəyişib, onun öz tərcüməsində SSRİ də Alman dramaturgiyası festivalı üçün hazırlanacaq Nobel mükafatı laureatı Leonqard Frankın “Yad adam” tamaşası qalıb, teatrda təklif edib ki, tamaşanı mən hazırlayım və Teatrın direktoru Əli ismayılov razılığını verib. Mən ustadımdan icazə alıb təcili Bakıya qayıtdım,. Tofik müəllimin rol bölgüsünə hörmətlə yanaşıb toxunmadan onun seçdiyi artisləri cəlb etdim. İctimai baxışda ilk sözü alıb tamaşa barədə xoş sözlər deyən Hökümə xanım oldu. Tamaşama verdiyi qiymətə görə ona ömrüm boyu minnətdar olacağam. Aktrisa bu tamaşadan sonra mənimlə işləmək arzusunu bildirdi. Mən gündə bir pyes oxuyub ona təqdim edirdim. O isə təmkinlə bu klassik obrazların arasında öz rolunu axtarırdı. Nəhayət, A.Ostrovskinin “Tufan” və Bayronun “Sardinapal” faciələri üzərində dayandıq. Bir də onunla televiziya tamaşası hazırlamaq istəyirdim. Burda da A.Ostrovskinin “Günahsız müqəssirlər” əsəri üzərində dayandıq. Mən bu fikrimi televiziya rejissoru Ramiz Mirzəyevə deyəndə, o dedi ki, Azərbaycan televiziyasında Hökümə xanımın bir samballı işi yoxdur. Bunu etsən, televiziyamıza böyük hədiyyə etmiş olarsan.

    Mən bu sözlərdən sonra daha da həvəslə bu proyektə girişdim. Hökümə xanım çox tərəddüd edirdi. Çünki bu əsərin baş rolu aktrisa Kruçinina əvvəlcə gənc olur, sonra məhşur nakam aktrisa. Mən ona traktovkamı danışdım. O, razılaşdı, dedi ki, kinoda olan kimi bir parça çəkək, baxım, sonra qərar gəlim. Belə də razılaşdıq. “Tufan”da Kabanixanı, “Sardinapal”da isə sevgilisi hökümdara görə özünü alovda yandıran kənizi oynamalı idi.

    Bu müddətdə mən 1982-ci ildə Sumqayıt Dram Teatrında “Afət”i hazırladım. Tamaşa Hüseyn Cavidin 100 illiyinə həsr olunmuşdu. Deyilənə görə uğurlu alınmışdı. Tamaşaya baxan M.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru, əməkdar elm xadimi Əziz Şərif rəy dəftərinə bu sözləri yazdı: “Bu axşam Sumqayıt teatrında baxdığım tamaşa uzun müddət mənim yadımdan çıxmayacaqdır. Zənnimcə, bu tamaşa müasir teatrımızın tarixində ən parlaq səhifələrindən birini təşkil edəcəkdir. Arzum budur ki, bu tamaşa Bakıda, Əzizbəyov adına Dram Teatrında da göztərilsin ki, tamaşaya mümkün qədər çox tamaşaçı baxa bilsin, gənc teatrımızın gənc artist və incəsənət xadimlərimizin yüksək səviyyəli, fədakar işini qiymətləndirə bilsin.

  Öz tamaşanızla məftun etdiyiniz qoca Əziz Şərifin təşəkkürünü qəbul edin! “ (Əsli H. Cavid adına ev muzeyində).

  Əziz Şərifin arzusunu nəzərə alıb növbəti tamaşanı Bakıda, Musiqili Komediya teatrının binasında göstərdik. Hökümə xanımı da dəvət etdim və bu dəfə özüm üçün onun yeni keyfiyyətini kəşf etdim. O, böyük sənətkar olduğu qədər də sadə, sadədən də sadə xanım idi.

   Tamaşa bitdi... Zalın qapıları açıldı... Mən foyedə Hökümə xanımı və qızı Vəfa Fətullayevanı gözləyirdim. O, ağlayırdı. Məni görüb dedi, - Hanı o? O mənimlə nə etdi? – Mən onu kulis arxasına apardım. Təbriklər alan aktyorlar onu bu vəziyyətdə görüb dondular. Hökümə xanım bir də sualını təkrar etdi – Oruc, Hanı o? – Mən gənc aktrisa Hicran Mehbalıyevanı göstərdim. Hökümə xanım qarşısında farağat duran aktrisaya baxıb dedi – Bu?! – Və birdən diz çöküb onun əlini öpdü. Hamı şok vəziyyətinə düşdü...

    Əli Nur o hadisəni xatırlayanda dedi ki, Hökümə xanımın özü ilə də eyni hadisə baş verib. Ələsgər Ələkbərovdan ayrılandan sonra “Mariya Tyudor” tamaşasına baxan və uzun müddət küsülü qalan səhnəmizin “Otello” və “Vaqif”i qrim otağına gəlib göz yaşları içində Hökümə xanımın sənəti qarşısında diz çöküb, barışıblar.

    Bu xatirə-yazı ilə əlaqədar Mariya rolunun ən böyük ifaçısı Sara Bernar barədə oxuyarkən eyni hadisənin şahidi oldum. Müəllif Viktor Hüqo 1877-ci il noyabrın 21-də aktrisanın sənəti qarşısında baş əyərək ona yazır: “ Madam! Siz öz əzəmətinizlə valehedici idiniz. Siz məni, köhnə döyüşçünü o dərəcədə həyəcana gətirdiniz ki, bir yerdə kədərlənən və məftun olan tamaşaçılar sizi alqışlayanda mən ağlayırdım. Mənim qəlbimdən qopardığınız bu göz yaşlarını sizə hədiyyə edirəm və sizin qarşınızda baş əyirəm”. 

    Mən özüm üçün bir həqiqəti də kəşf etdim – ancaq dahilər gözəl sənət  əsəri qarşısında diz çöküb baş əyirlər, istedadsızlara bu səadət nəsib deyil. 

    Hökümə Qurbanova ilə tez-tez “Afət” tamaşasıyla  bağlı iki qanıqara xatirəni yada salardıq. Birincisi o idi ki, bizim tamaşa Sumqayıt şəhər rəhbərliyi adından Hüseyn Cavidin yübileyi ilə bağlı Respublika Dövlət mükafatına təqdim olunmuşdu. Lakin Dövlət mükafatına təqdim olunan incəsənət əsərlərinin siyahısı rəsmən elan olunanda “Afət” tamaşasının adı salınmamışdı. Bu məsələ ilə əlaqədar o zamanki teatrın direktoru Əli Nur Dövlət Komissiyasına müraciət edəndə ona bildirilmişdi ki, sizin tamaşanın təqdimat sənədləri yoxa cıxıb. Teatr sahəsindən təkcə Akademik Milli Dram Teatrının “İblis” tamaşası rəsmən təqdim olunmuşdu. Mən indiyə qədər anlaya bilmirəm ki, Dövlət Komissiyasından Dövlət Mükafatı təqdim olunan tamaşanın sənədləri necə yoxa çıxa bilər? Təkcə təsəllim o oldu ki, “İblis” tamaşasında Hökümə xanımın qızı Vəfa Fətullayeva Rəna obrazına görə Dövlət mükafatına layiq görüldü. İkincisi o idi ki, “Afət tamaşasını televersiyasını lentə almaq üçün Azərbaycan Dövlət televiziyasının “Oktyabr” studiyasında üç gün çəkilişlər getdi. Bir müddətdən sonra Turan xanımın xahişi ilə Hüseyn Cavid adına ev müzeyi üçün videonu televiziyadan almaq istədikdə, bizə bildirildi ki, güya “Afət” tamaşası səhvən pozulub. Sonra dəfələrlə müraciət etsək də eyni cavabı aldıq. Bu hadisə Turan xanıma və Hökümə xanıma çox pis təsir etmişdi.

      Çox-çox təəssüflər olsun ki, bu böyük aktrisa ilə işləmək mənə nəsib olmadı. “Maqbet” tamaşasında belə imkan yaranmışdı. Dram teatrında SSRİ xalq artisti R. Kaplanyan bu əsəri hazırlamalı idi, bir şərtlə ki, ona köməkçi rejissor verilməli idi. Teatrın o zamankı sərəncamçı-direktoru Maqbet Bünyadov mənə dedi ki, qonaq “Yad adam”a baxıb xoşu gəlib. İstəyir ki, sən ikinci rejissor olasan. Mən razı olmadım. Bir neçə gündən sonra dedi ki, qonaq razıdır, sən quruluşçu rejissor ol, bədii rəhbər O. Mən yenə razı olmadım. Deməli, işləyən mən olmalı idim, o isə gəlib istədiyi dəyişikliyi edən. Sonra Kaplanyan vaxtın olmamasını bəhanə gətirib “Maqbet”dən imtina etdi. Görünür,  qismət belə imiş.

         SƏNƏTİN ƏZABLI YOLLARI İLƏ

      Hökümə Qurbanovanın sənət yolu hamar olmayıb. Böyük tragik Edmund Kin deyib ki, o sənətkarın ki, bədxahı, düşməni yoxdur, deməli, o, həqiqi sənətkar deyil. Tale elə gətirir ki, mütləq “Motsart”ların yanında bir “Salyeri” olur.

   Qış gecələrinin birində Hökümə xanımın evində oturub yaradıcılıq planlarından söhbət edəndə o, ürəkağrısı ilə iki hadisəni danışdı. Aktrisa adəti üzrə tamaşadan əvvəl tək səhnədə mizanlarını təkrar edərdi. “Orlean qızı” Janna D”Arkın geyimində mizanlarını keçib dəmir qurğunun üstünə qalxır. Mizana görə bir metr hündürlüyündə olan qurğunun üstündən dizi üstə səhnəyə atılıb xalqa müraciət edən monoloqunu deməliymiş. Birdən səhnənin döşəməsinə sərilən örtüyün dik olmasını görür. Yoxladıqda nəsə iti bir əşyanın olduğunu hiss edir. Səhnə maşinisti rəhmətlik Ağakərimi çağırtdırır. Örtüyü qaldıranda qırıq şüşə butulka altını görür. O həmən yer idi ki, tamaşa vaxtı aktrisa dizləri üstə məhz o yerə düşməli idi. 

   Bu hadisə mənə də dərs oldu. Hər tamaşadan əvvəl özüm səhnəni yoxlayıram. Ona görə yox ki, bədxah hadisə ola bilər, ona görə ki, səhlənkarlıq ucbatından fəlakət baş verə bilər.

    İkinci xatirə isə Səməd Vurğunun “İnsan” tamaşası ilə bağlıdır.

  1973-cü ildə Azərbaycan teatrının 100 illiyi ilə əlaqədar teatr xadimlərinə üç “SSRİ xalq artisti” fəxri adı nəzərdə tutulur. İsmayıl Osmanlı və İsmayıl Dağıstanlının namizədliyi qətiləşir. Qalır Mehdi Məmmədovun məsələsi. Başda Hörmətli Heydər Əliyev olmaqla ölkə rəhbərliyi tamaşaya gəlir. Mehdi Məmmədov tamaşanın quruluşçu rejissoru olmaqla yanaşı, həm də baş rol – Şahbazın ifaçısı idi. Tamaşada alman faşistləri kəndi zəbt edir və kef məclisi qururlar. Onlara qulluqçuluq etmək məcburiyyətində qalan qadına əmr edirlər ki, gedib paltarını dəyişib rəqsə gəlsin. Hökümə xanım paltarını dəyişmək üçün qrim otağına tələsir. Vaxt çox az idi. Birdən dəhşətə gəlir. Hansı bədxahsa xəlvəti qapını açıb, paltarı arxadan kəsib korlayıb. Kostyumçu özünü itirir. Bunu edən güman edirmiş ki, Hökümə xanım əsəbləşib oynaya bilməyəcək. Aktrisa başa düşür ki, bu, Mehdi Məmmədova vurulan zərbədir. Paltarı dəyişir, cırıq yeri görünməsin deyə üstündən plaşı geyib səhnəyə çıxır. Əsəb, göz yaşları içində tamaşanı başa vurur. Sonra ölkə rəhbərliyi kulis arxasına gəlib hamını təbrik edir. Hökümə xanım narahatçılıq içində əsəbini gizlətməyə çalışır. Birdən Heydər Əliyev ondan soruşar ki, siz getdiniz paltarınızı dəyişməyə, amma yenə köhnə plaşda səhnəyə qayıtdınız, niyə? Aktrisa dəfələrlə eşitmişdi ki, o teatrı hətta teatrşünaslardan da yaxşı bilir. Elə buna görə də Hökümə xanım narahat idi ki, bu onun nəzərindən qaçmaz və baş verən hadisə bəlli olar. Çox güman ki, Respublika rəhbəri bunu duyur, lakin Hökümə Qurbanova və Mehdi Məmmədovun sənətinə olan hörmətini hər şeydən üstün tutur. Hökümə xanım danışdı ki, Zərifə xanım mənim tutulduğumu görüb dedi: “ Aktrisa ağır tamaşadan çıxıb, icazə verin gedib dincəlsin”. Və mən azad nəfəs aldım. Aktrisa qrim otağına qayıdır. Bu vaxt Mehdi müəllim rəngi ağarmış halda otağa daxil olub deyir: “ Hökümə xanım, siz məni xilas etdiniz!”

   Bədxahlar istədiklərinə nail ola bilmirlər. Bilmək olmazdı ki, rəhbərlik bu hadisədən xəbərdar olsaydı, nə olacaqdı?

      VƏFANIN VƏFASIZLIĞI

      Hökümə xanımın son vaxtlar qəmli üzünü heç vaxt unuda bilməyəcəyəm. Bu, səhnədə məğrurobrazlar yaradan, həyatda isə ruhən sınmış ananın ümidsiz gözləri idi.

      Mən Akademik Dram Teatrında Evripidin “İfigeniya” əsərinin məşqlərinə başladım. Məşqlərin qızğın çağı xalq artisti Amaliya Pənahova xahiş etdi ki, Klitemnestra rolu onun əsəblərinə təsir etdiyindən roldan azad edim. Klitemnestra rolunu Vəfa Fətullayevaya verdim. Aktyorlar təklikdə mənə dedilər ki, işin yarımçıq qala bilər. Mən isə bunu ciddi qəbul etmədim. Elə düşündüm ki, sənət bütün xəstəliklərə qalib gəlmək iqtidarındadır.

  “İfigeniya” tamaşasında rol üzərində iş vaxtı Hökümə xanım da iştirak edirdi. O da ümid edirdi ki, SSRİ Xalq artisti Müslüm Maqomayevin köməyi ilə Moskvada Kreml xəstəxanasında müalicədən sonra Vəfa tam sağalacaq. Mən hər gün Kreml xəstəxanasına zəng edib Vəfa ilə əlaqə saxlayardım.Əsas məşqləri Moskvadan sonraya saxladıq. Sonra, çox-çox sonra Hökümə xanımı xatırlayarkən bildim ki, o, dahi aktrisa artıq daxilən sınmış insan idi. Ümidsiz...

       Vəfa öz “vəfasızlığı” ilə əvvəlcə atası, xalq rəssamı Nüsrət Fətullayevi, sonra nənəsi Malikat xanımı, sonra da Hökümə xanımı apardı. Vəfa bu ailəni bu dünyada yaşadan yeganə “Vəfa” idi...

   Tələbə vaxtı Musiqili Komediya Teatrında səhnə fəhləsi işləyirdim. Hər dəfə teatrın giriş qapısı ağzında əli əsalı, iflic olmuş xalq artisti Həsənağa Salayevin taburetka üstə oturub qəmli-qəmli gəlib-gedənə baxdığını görəndə sadəlövhcəsinə  fikirləşirdim ki, niyə bu böyük tragik aktyora rol vermirlər, bəlkə rol oynasa sağalacaq? Mənə dedilər ki, o, çox qürurlu insandır, belə vəziyyətdə səhnəyə çıxmaz. Amma mən inanırdım... Daha doğrusu inanmaq istəyirdim.

Həsənağa Salayevin bir xatirəsi də yadıma düşdü. O danışırdı ki, bir gün Tofik Kazımov ona deyib ki, hazırlaş, gələn sezon Otellonu işləyəcəyik. Aktyor bildirib ki, gecdir, ürəyim bu rola dözməz. Bununla bağlı İ.Smoktunovskinin də xatirəsi yadıma düşdü. Hamlet roluna çəkiləndən sonra Q.Tovstonoqovun hazırladığı F.Dostoyevskinin “İdiot” tamaşasında knyaz Mışkin rolu ilə Londonda qastrol səfərində olarkən məşhur Şekspir aktyoru sayılan ser Lourens Olivye ilə görüşüb. İngilis aktyoru ondan soruşub ki, Hamleti oynayarkən neçə yaşı olub, Smoktunovski cavab verib ki qırx. Olivye bildirib; “Vaxtında oynamısan, bir iki il gec oynasaydıürəyin tab gətirməzdi. 

   EPİLOQ ƏVƏZİ

      Hökümə Qurbanovanın yaratdığı obrazları səciyyələndirən xüsusiyyətlər - əzəmətli xarakter, tükənməz boyalar, dərin və ziddiyyətli dramatizm, vulkan kimi püskürən emosionallıq və ürəkləri riqqətə gətirən zəriflik idi. O, müasir əsərdə də monumental idi, klassikada da.

      Bunun başlıca səbəbi isə şəxsiyyətin öz monumentallığında idi. Əgər tamaşaçıya emosional təsirin səviyyəsini göstərəölçü cihazı olsaydışübhə yox ki, Hökümə xanımın səhnədən tamaşaçıya yönəltdiyi təsir gücü teatr tariximizin ən təsirli və möhtəşəmlərindən olardı.

    Ömrünün yetmiş ilini Milli teatrımıza həsr edən, canlı teatr ensiklopediyası, xalq artisti Muxtar Avşarov Hökümə xanımı belə xatırlayır:

       “Qeyri-adi şəxsiyyət sahibi idi! Onda olan duruşu, səsi, səhnə mədəniyyətini, temperamenti ikinci bir aktrisada görmədim. Həyatda da ciddi idi, səhnədə də. Tamaşaya bir saat qalmış gələr, geyinər, qrimlənərdi. Həyatda isə qətiyyəüzünə-gözünə çəkməzdi. Heyif ki, kinoda samballı bir rola çəkilmədi. Teatrı kinodan üstün tuturdu. Dəvətlər alırdı. Həta “Mosfilm”dən də dəvət almışdı. Teatrın 100 illiyi münasibəti ilə Moskvada “Malıy teatr”da olarkən mənə İ. Smoktunovski və İİlinskinin qrim otağını vermişdilər. İ.İlinski Hökümə xanımın ifasında “İnsan”a baxmışdı. Dedi ki, Hökümə xanım böyük aktrisadır. Heyif ki, ətrafı onun səviyyəsində deyil”.

     Sonra Muxtar dayı Moskva qəzetlərini göstərdi. Teatr dünyasının “Məkkə”si sayılan Moskva qəzetlərinin rəyi bir daha onun böyük aktrisa olduğunu təsdiq edir.

   “Sovetskaya kultura” – “ H.Qurbanova Səhərin parlaq obrazını yaradıb... Onun ifası insani və qəhrəmani keyfiyyətlərlə, zərif cizgilər və incə psixologizm ilə fərqlənir”.

     “Pravda” – “Səhər rolunun ifaçısı Hökümə Qurbanovanın oyunundakı səmimilik və xalislik hamı üçüörnəkdir”.

  İncəsənətin növləri içərisində ən kövrəyi və vəfasızlığa düçar olanı səhnə sənətidir. Bütün sənət növlərində yaradılanlar yaradanından sonra yaşamaq hüququ alırlar. Amma teatr sənətində yox. Tamaşa röya kimi görünüb, röya kimi də yoxluğa qovuşur. Duman kimi, çən kimi... Yeganə sənət növüdür ki, təkrarı gəlmir. Buna görə də əfsanələr kimi yaddaşlarda yaşatmaq hər birimizin borcudur.

       Hökümə xanımın iyirmi il əvvəl müsahibəsində dediyi sözlər bu gün də müasir və aktualdır:

     “Teatr mənim həyatım, varlığım, ömrüm-günümdür. Mən teatra və onun gələcəyinə inanıram. Buna görə də onun problemlərindən soyuqqanlı, sakit danışa bilmirəm. Problerm isə çoxdur: aktyor və rejissor işi, repertuar məsələsi, teatrın daxili və yaradıcılıq məsələləri, tamaşaçı tərbiyəsi. Biz çoxdandır ki, bu problemlə məşğul olmuruq. Tamaşaçının hazırlığı ilə, onun zövqünün, sənəti qavramaq bacarığının tərbiyəsi ilə kifayət qədər məşğul olmuruq. Yaxşı pyeslər, aktyorlar və rejissorlarla bərabər teatrın inkişafı üçün yaxşı tamaşaçılar da yetişdirməliyik”.


 Oruc İzzətoğlu-Qurbanov
 Əməkdar İncəsənət Xad
imi


   SİZİNXEBER.AZ

   

 

       

  

      







         

         

Baxılıb :4 020
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az