XOCALI HARAYI

XOCALI HARAYI


                               “ XOCALI HARAYI ”

         1993-cü il fevral ayının 25-dən 26-na  keçən gecə erməni qəsbkarları tərəfindən günahsız xocalıların kütləvi qətli millətimizin soykökünə tuşlanmış soyqırımı oldu. Bir il sonra milli kinomatoqrafiyamız bu böyük faciəni əks etdirən “Haray” adlı bədii filmin istehsalına başladı.

                                                           

         Filmin ssenari müəllifləri Nüşabə Məmmədova və Eldəniz Quliyev, quruluşçu-rejissoru Oruc Qurbanovdur. “Haray” filminin ideya müəllifi də odur. Nüşabə xanım Məmmədova Gəncədə yaşıyıb yaradan yazıçı-jurnalistimizdir. Eldəniz Quliyev isə kino sənətinə yaxından bələd olan, professional sseneri təhsili görmüş kinodramaturqdur.

         Real tarixi hadisələr ətrafında kinossenarilərin yaradılması dünya praktikasında adi hal sayılır. Faktların, onları törədən səbəblərin tamaşaçıya ekran dilində çatdırılması müəyyən bir hadisəni tarixin yaddaşına həkk etməklə yanaşı, həmin hadisəni sənədləşdirib hüquqi dəlilə çavirir.

         “Haray” kinossenarisinin əsasında dayanan Xocalı hadisəsinin törədildiyi prosesi əks etdirən fotoşəkillərin, videomaterialların ola biləcəyini düşünmək, o müdhiş gecənin qatı qaranlığı qədər ümidsizdir. Xocalı qırğını qurbanlarının – yüzlərlə günahsız insanın güllələnmiş, yandırılmış taleyi millətin əbədi sızıldayan yarasıdır. Və bu mövzunun ekran həllində əbədiliyin emosional məqamda tənzimlənməsi təbiidir.

         Filmin əsas qəhrəmanları ermənilər tərəfindən valideynləri öldürülmüş 14 yaşlı azarbaycanlı qız və onun 10 yaşlı qardaşıdır. Erməni-rus hərbi birləşmələrinin  Xocalıya vəhşicəsinə bacqını və qəddarlığı onları baş götürüb doğma ocaqdan qaçmağa vadar edir. Ekran hadisələrinin sonrakı inkişafı bacı-qardaşın gözü ilə - subyektiv kamera metodu ilə izlənilir.

         Qonşu qadın gizləndikləri kolluqda bacı və qardaşı yaxınlıqdakı erməni yaraqlılarından xilas etmək üçün ağlayan körpəsini bağrına basır. Körpə ağladıqca ana onu daha da bərk bağrına basır və özü də bilmədən boğur. Qəsbkarlar havalanmış ananın saçlarını tanka bağlayıb, sürüyə-sürüyə onu əsir aparırlar. Sonrakı epizodda yaraqlılar tərəfində vuruşan muzdlu zənci bu bədbəxt qadını içki içməyə, rəqs etməyə məcbur etmək istəyir. Müqavimət göstərən ananın belinə qaynar qazan bağlayırlar.

         Bacı-qardaş gecə imkan tapıb ananı və körpəsini dəfn edirlər.

 Səhərə yaxın hələ də Xocalı ətrafında dolaşan bacı və qardaş “Heyratı” muğamının yanıqlı zəngulələrini eşidib ümidlə səsə doğru qaçır və burda ermənilərin növbəti vəhşiliyinin şahidi olur. Ağaca tikanlı məftillərlə sarınmış azərbaycanlı əskərə ermənilər yüksək gərginlikli elektrik naqili ilə işgəncə verir, onu erməni mahnısı oxumağa vadar etmək istəyirlər. Lakin gənc həmişə yanıqlı səslə muğam oxiyir, nalə çəkir. Erməni yaraqlısı sınmış şüşəni əsirin boğazına yeridir, onun işarəsi ilə yaxınlıqdakı tank hərəkətə gəlir, azərbaycanlı əskər ağacdan asılır və ermənilər onun axan qanı altında rəqs edirlər.

                       

         Filmin rejissoru, respublikanın tanınmış teatr rejissorlarından biri, uzun müddət Azərbaycan teatrlarında baş rejissor işləmiş və bu teatrlarda repertuar mədəniyyətinin yaranmasında əvəzsiz xidməti olan sənət fədaisi Oruc Qurbanovdur. “Haray” filmi kinoda onun ilk işidir. Kinonun cəbbəxanasına yaxından bələd olmasa da, rejissor kimi bu filmdə o, bir sıra nailiyyətlər əldə etmişdir; faciəli və zülmətli Xocalı gecəsinin filmin ağ-qara kadrlarda əks olunması təqdirəlayiqdir. Bacı-qardaşın təsəvvüründə canlanan firavan günlərin – yuxuların əl-əlvan rəngləri ilə gerçəkliyin yaratdığı ziddiyyət insan ovqatına kəskin şəkildə təsir göstərir.

         Laləli Xocalı düzənliyi... Üzlərinə təbəssüm qonmuş, ağ geyimli bacı-qardaş və onların xoşbəxt valideynləri... Ağ at həyat eşqi kimi kükrəyib coşur. Bacı nazlı yerişlə bulaqdan su gətirir. Dünya – aləmi su basır. Ev-eşik, işləyən tikiş maşını, çap makinası su altında qalır... Su aydınlığı ilə yoğrulmuş bu kadrları atəş səsləri və gecənin qaranlığı dağıdır. Bacı ilə qardaşın hər an keçirdikləri qorxu və təlaş hissi tamaşaçını da bürüyür.

         Filmin ideyasının əsasını təşkil edən aparıcı amil milli ismətin daşıyıcısı olan bacının yad əllərdən qorunmasıdır.

         Filmin əvvəlində ata oğluna ov tüfəngini və yeganə bir patronu verib bacının ismətini qorumağı tapşırır və doğma bacının yad əllərə düşməkdənsə ölümünə mənalı baxışlarla fərman verir.

         Bacı və qardaş əl-ələ tutaraq yaraqlılardan qorunmaq üçün qarlı dağlara üz tutsalar da, hər addımda qəsbkarlala rastlaşıb, faciə ilə üzbəüz dayanırlar. Oğlan hər dəfə çaxmağı çəkib, titrək barmağını tətiyə yanınlaşdırır. Hər dəfə də bacı tətiyi çəkməyi qardaşından təkidlə tələb edir, könüllü şəkildə ölüm yolunu seçir. Ancaq ölümə gedən bu yolda bacı və qardaş yeni-yeni faciələrin – ölümlərin şahidi olurlar. Digər epizodda azqınlaşmış yaraqlılar əsir götürdükləri uşaqları nəhəng boruya doldurub hər iki tərəfdən qaynaq edib ona od vurur, dərəyə yuvarladırlar. Uşaqların harayından qulaq tututlur, erməni yaraqlıları isə törətdikləri vəhşilikdən həzz alıb rəqs edirlər.

         Filmin çəkilişlərinin təşkilində, istehsalat prosesinin başa çatdırılmasında qeyrət göstərmiş, əslən Xocalıdan olan Əlfi Şükürovun xidməti əvəzsizdir. Kinomuzun bacarıqlı istehsalat rəhbərlərindən sayılan, uzun müddət “Mozalan” kinojurnalının direktoru kimi çalışan Əlfi Şükürov onu tanıyanların gözündə Xocalı dərdinin daşıyıcılarından biridir.

            Yeri gəlmişkən qeyd etmək lazımdır ki, filimdə çəkilmiş uşaqlar və kütləvi səhnələrin iştirakçıları sağ qalmış xocalıların özləridir. Bu, ekran hadisələrinin real hadisələrə yaxınlaşmasında mühüm əhəmiyyət kəsb etməklə yanaşı, qarlı qış mövsümünün ayazlı, şaxtalı gecə çəkilişlərində xocalıların fədakarlığının göstəricisidir. Teatrallıqdan qaçmaq naminə professional teatr rejissoru O.Qurbanov filmdə professional aktyorlardan istifadə etməmişdir. Doğrudan da real həyathadisələrini əks etdirən bir filmdə az tanınan aktyor belə öz aktyorluğunu gizlədə bilməzdi. Beləliklə deyə bilərik ki, oyun filmində sənədli kino missiyasının həyata keçirilməsi cəhdi milli kinomuzun inkişaf yolunda təqdirəlatiq hadisədir.

         Xocalı dərdi – hamımızın qulaqlarına əbədi səslənəcək haraydır. Bu harayın təkcə özümüzün deyil, bütün dünyanın eşidəbilməsi üçün hələ çox iş görmək lazımdır.

   Aydın Dadaşov 

 Sənətşünaslıq doktoru

“Günay” qəzeti 17 aprel 1997-ci il 














         

         


Baxılıb :2 235
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az